Əmtəə nişanın qeydiyyatı
Əmtəə nişanı biznesin bazarda fərqlənməsi və tanınması üçün mühüm vasitədir. O, istehlakçılara məhsul və xidmətləri rəqiblərdən ayırmağa imkan verir və biznes haqqında ilkin təsəvvür yaradır. Lakin qeydiyyatsız əmtəə nişanı saxtalaşdırma hallarının artmasına və istehlakçılar arasında çaşqınlıq yaranmasına səbəb ola bilər. Hazırkı məqalədə əmtəə nişanlarının qeydiyyatı barədə qısa məlumat veriləcəkdir.
- Əmtəə nişanı sahəsində hüquqi tənzimləmə və səlahiyyətli orqan.
Əmtəə nişanının qeydiyyatı, istifadəsi və hüquqi mühafizəsi 12 iyun 1998-ci il tarixli, 504-İQ saylı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Əmtəə nişanlarının qeydiyyatını həyata keçirən orqan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyidir ( bundan sonra – Agentlik).
- Əmtəə nişanının qeydiyyatı.
- Qeydiyyat barədə ümumi məlumat.
Əmtəə nişanının qeydiyyatı elektron qaydada həyata keçirilir. İlkin olaraq müraciət etapında əmtəə nişanının təsviri, sinifləri və əmtəə nişanının qrafik təsviri təqdim olunmalıdır. Müraciət qəbul edildikdən sonra qeydiyyat 2 mərhələli ekspertizadan ibarətdir.
Birinci mərhələdə ilkin ekspertiza keçirilir bu ekspertiza zamanı müraciət edən barədə ümumi yoxlanış aparılır.
İkinci mərhələ: İlkin ekspertizadan müsbət rəy alındıqdan sonra əmtəə nişanı mahiyyət ekspertizasına göndərilir. Qeyd etmək lazımdır ki, müraciət zamanı müraciətçiyə ekspertizanı sürətli və ya adi qaydada keçirtmək imkanı verilir. Sürətli ekspertiza seçildikdə mahiyyət ekspertizasının müddəti 1 ay təşkil edir, adi qaydada müraciət edildikdə isə bu müddət 6 ay davam edir.
Mahiyyət ekspertizasından müsbət rəy gəldikdə əmtəə nişanın qeydiyyatı həyata keçirilir Bu zaman həmçinin müvafiq şəhadətnamənin verilməsi üçün də müraciət oluna bilər. Dövlət rüsumu ödənildikdən sonra bir ay ərzində əmtəə nişanının qeydiyyat şəhadətnaməsi verilir. Əmtəə nişanın dövlət qeydiyyatının hüquqi qüvvəsi 10 il təşkil edir. Həmin müddət bitdikdən sonra müddətin uzadılması üçün Agentliyə müraciət edilməlidir.
Ümumilikdə, əmtəə nişanının qeydiyyatı mahiyyət ekspertizası sürətli olduqda təxmini 3 ay çəkir, sürətli ekspertiza olmadıqda 7-8 ay çəkir.
- Əmtəə nişanının sinifləri və onların əhəmiyyəti.
Əmtəə nişanının qeydiyyatı prosesində əmtəə nişanları üçün düzgün sinifin seçilməsi vacib aspektlərdən biridir.
Əmtəə nişanlarının sinifləri məhsul və xidmətlərin təsnifatı üçün istifadə olunur. Bu təsnifat Nitsa beynəlxalq təsnifatına əsaslanır və 45 sinifdən ibarətdir.
Siniflərin mahiyyəti ondan ibarətdir ki, onlar əmtəə nişanının qorunma dairəsini müəyyən edir və əmtəə nişanları arasında qarışıqlığın qarşısını almağa, aydınlıq yaratmağa xidmət edir.
- Əmtəə nişanının qeydiyyatına görə dövlət rüsumları.
Əmtəə nişanının qeydiyyatına üçün dövlət rüsumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247 saylı, 27 May 2019-cu il tarixli Qərarı ilə tənzimlənir.
Beləliklə, əmtəə nişanının qeydiyyatı üçün rüsumlar aşağıda göstərilən kimidir:
ilkin ekspertiza və bir sinif üçün - 203 manat
Bir sinifdən çox olduqda hər bir sinif üçün - 60 manat
Sürətli ekspertiza - 180 manat
Şəhadətnamənin verilməsi – 45 manat.
Qeyd olunmalıdır ki, ödəniş Agentlik tərəfindən təyin olunur və sistemdə bütün ödənişlər, ödənişlərin tarixçəsi görünür. Ödənişlər mütləq Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə edilməlidir.
- Nəticə.
Beləliklə, əmtəə nişanının qeydiyyat prosesi onun qorunmasına təsir edən mühüm aspektləri birləşdirir, xüsusilə də sinfin düzgün seçilməsi vacibdir. Biz, İronwood Consulting olaraq, əmtəə nişanının bütün qeydiyyat mərhələlərində və sinif seçiminin düzgün aparılmasında sizə peşəkar dəstək göstərməyə hazırıq.