Bizimlə əlaqə
Geri
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununda yeniliklər

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununda yeniliklər

21 iyul 2025-ci ildə Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununa mühüm dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə hüquqi şəxslərin müvafiq dövlət qurumunu məlumatlandırma müddəti, həmçinin iflas prosesi barədə məlumatlandırma öhdəliyi aiddir. Hazırkı məqalədə sözügedən dəyişikliyin qısa icmalı veriləcəkdir.

Məlumatlandırma müddəti.

İlkin olaraq, qeydiyyat məlumatlarında dəyişikliklə bağlı məlumatlandırma müddəti 40 gündən 15 günə endirilib.

Müflis olma ilə bağlı məlumatlandırma öhdəliyi.

Dəyişikliklərə əsasən, hüquqi şəxsin müflis olması faktı dövlət reyestrində qeydiyyata alınmalıdır. Borclunun müflis elan olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra və ya müflis olma barədə məhkəmə qərarı olmadan borclunun qərarı verildiyi gündən 15 iş günü müddətində müvafiq quruma ərizə ilə müraciət edilməlidir.

Ərizə müvafiq quruma daxil olduqdan sonra hüquqi şəxsin müflis olması 5 iş günü müddətində qeydiyyata alınır.

Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində ərizə ilə müvafiq quruma müraciət edir.

Ərizə müvafiq quruma daxil olduqdan sonra 5 gün müddətində ləğv etmə qeydiyyata alınır.

Bundan başqa, hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar, üzərində “iflas prosesində olan” yazılmış möhür təqdim olunmaqla, həmin fakt qeydiyyata alınır.

Əlavə olaraq qeyd olunmalıdır ki, müflis olma ilə bağlı məlumatlandırma öhdəliyi həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmişdir.

Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində vergi orqanına bu barədə məlumat verməlidir.

Məsuliyyət.

Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə

vəzifəli şəxslər 1000-2000 manat məbləğində,

hüquqi şəxslər 2500-3000 manat məbləğində cərimə edilir.

 

Məqaləni tərtib etdi:

İslamova Təhminə