Xarici hüquqi şəxsin filialının Azərbaycanda qeydiyyatı: tələb olunan sənədlər və prosedur
Hazırkı məqaləmizdə xarici hüquqi şəxsin filialının qeydiyyatı barədə bəhs ediləcəkdir.
-
Giriş.
İlkin olaraq hüquqi şəxsin filialı (bundan sonra Filial) anlayışına nəzər salaq.
Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
-
Tənzimləyən qanunvericlik. Qeydiyyat orqanı.
Filialının qeydiyyatı aşağıdakı qanunlarla tənzimlənir:
-
- Mülki Məcəllə
-
- Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanun
-
- Dövlət rüsumu haqqında qanun
Filialın dövlət qeydiyyatı Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq, təqdim edilmiş sənədlər tam və düzgün olduqda filialın dövlət qeydiyyatı 2 iş günü müddətində həyata keçirilir.
“Dövlət rüsumu haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün dövlət rüsumu 300 manat təşkil edir.
-
Filialın qeydiyyata alınması üçün tələb olunan sənədlər.
Notarial qaydada təsdiq edilmiş ərizə. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
-
- Filialın və ya nümayəndəliyin yaradılması, rəhbərinin təyin edilməsi və əsasnaməsinin təsdiq edilməsi barədə xarici hüquqi şəxsin qərarı (rəhbərin şəxsiyyət sənədinin surəti əlavə edilməklə);
-
- Xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (2 nüsxədə);
-
- Təsisçi xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlər (qeydiyyat şəhadətnaməsi, reyestrdən çıxarış və s.) — qanunvericiliyə uyğun qaydada leqallaşdırılmış və ya apostillə təsdiq edilmiş formada;
-
- Filialın və ya nümayəndəliyin idarə olunması üçün rəhbərə verilmiş etibarnamə — leqallaşdırılmış və ya apostillə təsdiq edilmiş formada;
-
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
-
- Müraciət nümayəndə vasitəsilə edildikdə etibarnamə və nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
- Filial və ya nümayəndəlik xüsusi vergi rejimi tətbiq edəcəksə, müvafiq məlumat.
Qeyd: Xarici ölkədə verilmiş rəsmi sənədlər Azərbaycan Respublikasında istifadə edilməzdən əvvəl, tətbiq olunan beynəlxalq müqavilələr nəzərə alınmaqla, leqallaşdırılmalı və ya apostillə təsdiqlənməlidir.
-
Nəticə.
Əgər Azərbaycan Respublikasında xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin qeydiyyata alınmasını planlaşdırırsınızsa və peşəkar hüquqi dəstəyə ehtiyacınız varsa, Ironwood Consulting-ə müraciət edə bilərsiniz. Komandamız sənədlərin hazırlanması və leqallaşdırılmasından başlayaraq dövlət qeydiyyatının həyata keçirilməsi və sonrakı korporativ hüquqi müşayiətədək bütün mərhələlərdə sizə kompleks dəstək göstərməyə hazırdır.