Süni İntellektin hüquqi tənzimlənməsi üzrə yeniliklər
Süni intellekt (bundan sonra Sİ) texnologiyalarının sürətli inkişafı bir tərəfdən gündəlik həyatımızı əhəmiyyətli dərəcədə asanlaşdırsa da, digər tərəfdən bu texnologiyalardan sui-istifadə hallarının artmasına da səbəb olmuşdur. Həmin halların qarşısının alınması məqsədilə qanunvericiliyə bir sıra mühüm əlavə və dəyişikliklər edilmişdir. Hazırkı icmalımızda həmin yeniliklər barədə bəhs edəcəyik.
-
Süni intellekt texnologiyalarından sui-istifadəyə görə cinayət məsuliyyəti.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilən yeni 148-2-ci maddəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və ya yayılması cinayət məsuliyyəti yaradır.
Bu əmələ görə aşağıdakı sanksiyalar nəzərdə tutulur:
-
3.000 manatdan 7.000 manatadək cərimə;
-
360 saatdan 480 saatadək ictimai işlər;
-
3 ilədək azadlığın məhdudlaşdırılması;
-
və ya 3 ilədək azadlıqdan məhrum etmə.
Ağırlaşdırıcı hallar oldquda isə cəzanın maksimum həddi 5 il olaraq müəyyən edilmişdir.
Həmin Məcəlləyə əlavə edilən 242-1-ci maddəyə əsasən şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə edilməklə süni intellekt texnologiyaları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu saxta foto, video və audio materialların hazırlanması və yayılması ayrıca cinayət əməli kimi müəyyən edilmişdir.
Bu əmələ görə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilmiş və müvafiq olaraq həmin dəyişiklik öz əksini Cinayət Məcəlləsində tapmışdır.
Belə ki, Cinayət Məcəlləsinin 282-ci maddəsinə edilən dəyişikliklə sabotajın törədilmə üsulları genişləndirilərək əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə də bu cinayətin əhatə dairəsinə daxil edilmişdir.
-
“Media haqqında” Qanuna və digər qanunvericilik aktlarına əlavələr.
Cinayət Məcəlləsi ilə yanaşı digər qanunvericilik aktlarına da süni intellekt texnologiyalarından sui-istifadənin qarşısını alan müddəalar əlavə edilmişdir.
Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən:
-
Sİ vasitəsilə hazırlanmış saxta və ya seksual məzmunlu materiallar qanunsuz informasiya kateqoriyasına daxil edilmişdir;
-
süni intellekt vasitəsilə yaradılmış foto, video və audio materialların açıq və görünən şəkildə nişanlanması məcburi olmuşdur.
Bundan əlavə, “Media haqqında” Qanuna edilən dəyişikliklərlə media subyektlərinə belə materialların yayılmasının qarşısının alınması öhdəliyi qoyulmuşdur.
-
Nəticə
Beləliklə, süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi istiqamətində milli qanunvericilikdə ilkin addımlar atılmışdır. Hazırkı dəyişikliklər konstitusion olan şəxsi toxunulmazlıq hüququnun təzahürüdür və şəxsləri süni intellekt texnologiyalarının təyinatına zidd istifadəsindən hüquqi müstəvidə qoruyur.
Dəyişikliklərin tam mətni ilə tanış olmaq üçün linklərdən https://president.az/az/articles/view/72311 ; https://president.az/az/articles/view/72328 keçid edə bilərsiz.