Əmtəə nişanın qeydiyyatı (Hissə 2)
Daha əvvəlki məqaləmizdə ( bax: Əmtəə niaşnının qeydiyyatı: Ümumi məlumat) əmtəə nişanının yerli qeydiyyatı ilə bağlı ümumi məlumatı bölüşüb qeydiyyatın əhəmiyyəti barədə bəhs etmişdik. Lakin biznes fəaliyyətinin coğrafiyasını genişləndirmək və beynəlxalq bazarlara çıxmaq niyyətində olduqda, məhsul və xidmətlərin təqdim edildiyi əmtəə nişanının beynəlxalq səviyyədə qorunması zərurəti yaranır. Hazırkı məqalədə əmtəə nişanının beynəlxalq qeydiyyatı barədə ümumi məlumat veriləcəkdir.
-
Tənzimləyən normalar.
Əmtəə nişanının beynəlxalq qeydiyyatını “Madrid Sazişi” və “Madrid Sazişinin protokolu” tənzimləyir. Azərbaycan Respublikası 15 aprel 2007-ci il tarixdən həmin protokolun iştirakçısıdr. Yerli qanunvericilikdə Madrid protokolunun elementləri “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda ( bundan sonra – Qanun) təzahürünü tapmışdır. Daha dəqiq ifadə etsək sözügedən Qanunun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır.
-
Beynəlxalq qeydiyyat zamanı prosedur.
Qanunun 24-cü maddəsinə əsasən Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir.
Coğrafi göstəricinin xarici dövlətlərdə qeydiyyatına dair iddia sənədi coğrafi göstərici Azərbaycan Respublikasında qeydə alındıqdan sonra verilir.
Qanunun müddəalarını praktiki olaraq ifadə etsək əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməlidir. Əmtəə nişanı yerli qeydiyyatdan keçdikdən sonra Əqli Mülkiyyət Agentliyi ( bundan sonra – Agentlik) vasitəsilə beynəlxalq qeydiyyat üçün müraciət edilir. Müraciət edilərkən diqqət edilməli məqam odur ki, əmtəə və xidmətlərin siyahısı Beynəlxalq Əmtəə və Xidmətlər Təsnifatının (Nice Classification) son versiyasına uyğun tərtib edilməli və milli qeydiyyatla uyğunluq təşkil etməlidir.
Beynəlxalq müraciətin düzgün tərtib olunması Agentlik tərəfindən yoxlanıldıqdan sonra müraciət Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna ( bundan sonra – Büro) Agentlik vasitəsilə göndərilir.
Beynəlxalq Büro müraciəti aldıqdan sonra onun Sazişin, Protokolun və müvafiq qaydaların tələblərinə uyğunluğunu formal baxımdan yoxlayır. Hər hansı pozuntu aşkar edilmədiyi halda əmtəə nişanı Beynəlxalq Reyestrə daxil edilir, məlumatlar ÜƏMT-nin Beynəlxalq Nişanlar Qəzetində dərc olunur və seçilmiş ölkələrin patent ofislərinə göndərilir. Həmin ölkələrin müvafiq orqanları 1 il müddətində ekspertiza aparır və nəticə barədə Beynəlxalq Büronu məlumatlandırırlar.
-
Rüsumlar.
Beynəlxalq iddia sənədinin qəbulu, hazırlanması və Beynəlxalq Büroya göndərilməsi üçün AR Nazirlər Kabinetinin 19 may 2022-ci il tarixli, 198 nömrəli Qərarının 2.14-cü bəndinə əsasən 60 manat məbləğində xidmət haqqı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödənilməlidir.
Beynəlxalq qeydiyyat üçün rüsumlar İsveçrə Frankı (CHF) hesablanır. Həmçinin beynəlxalaq qeydiyyatı yerli qeydiyyatdan fərqləndirən məqam ondan ibarətdir ki, burada əmtəə nişanının rəngli və ağ qara olması ödənilən rüsumun məbləğinə təsir edir.
Beləliklə, Madrid Protokoluna uyğun olaraq beynəlxalq qeydiyyat üçün aşağıdakı rüsumlar tətbiq edilir:
əsas rüsum:
-
ağ-qara əmtəə nişanı üçün – 653 CHF,
-
rəngli əmtəə nişanı üçün – 903 CHF;
-
hər bir seçilmiş ölkə üzrə əlavə rüsum – 100 CHF;
-
üç sinifdən artıq olan hər əlavə sinif üçün – 100 CHF.
Qeyd olunmalıdır ki, bəzi ölkələr üzrə fərdi (xüsusi) rüsumlar tətbiq edilə bilər.
Beynəlxalq qeydiyyat üçün ümumi ödəniş məbləğini təyin etmək üçün ÜƏMT-nin rəsmi saytında yerləşdirilmiş Madrid Fee Calculator ( https://madrid.wipo.int/feecalcapp/) mövcuddur.
-
Nəticə.
Göründüyü kimi, əmtəə nişanının beynəlxalq qeydiyyatı ilkin olaraq yerli qeydiyyata əsaslanır və hüquqi baxımdan mürəkkəb, uzunmüddətli və çoxmərhələli bir prosesdir.
Ironwood Consulting olaraq biz, əmtəə nişanlarının həm yerli, həm də beynəlxalq səviyyədə qeydiyyatı zamanı müraciət prosesinin bütün mərhələlərində müştərilərimizə peşəkar, ardıcıl və etibarlı hüquqi dəstək göstərməyə hazırıq.