Bizimlə əlaqə
Geri
Azərbaycanda daşınmaz əmlakın əldə olunması: qeydiyyat prosesi, vergi öhdəlikləri

Azərbaycanda daşınmaz əmlakın əldə olunması: qeydiyyat prosesi, vergi öhdəlikləri

Azərbaycanın daşınmaz əmlak bazarı son illərdə aktiv inkişaf edir və həm yerli, həm də xarici investorlar üçün cəlbedici hüquqi və iqtisadi imkanlar yaradır. Hazırkı məqalədə daşınmaz əmlakın əldə edilməsi, qeydiyyatı və vergitutma rejimi barədə bəhs ediləcəkdir.

  1. Daşınmaz əmlakın əldə edilməsi.

Azərbaycan Respublikasında daşınmaz əmlkaın əldə edilməsi Mülki Məcəllə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir.

Mülki qanunvericiliklə daşınmaz əmlak aşağıdakı əsaslarla əldə edilə bilər:

- alğı-satqı müqaviləsi

- bağışlama

- vərəsəlik və s.

Hər bir əsas özündə müvafiq hüquqi prosedurları ehtiva edir və bununla bağlı notariat ofislərinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır.

 

  1. Daşınmaz əmlakın qeydiyyatı.

Mülkiyyət hüququnun qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qeydiyyatı həyata keçirən səlahiyyətli orqan Əmlak Məsələləri Dövlət Xidmətidir. Prosesin daha rahat və operativ həyata keçirilməsi məqsədilə “ASAN xidmət” mərkəzlərinə müraciət edilməsi tövsiyə olunur, çünki bu mərkəzlərdə həmin xidmətin nümayəndələri də fəaliyyət göstərir.

Mülkiyyət hüququnun qeydiyyatı üçün ərizə təqdim edilməli və müvafiq sənədlər əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, tələb olunan sənədlərin siyahısına aşağıdakılar daxildir:

  • torpaq sahəsinin planı və ölçüləri;

  • torpaq sahəsində yerləşən binaların, qurğuların, tikililərin və digər daşınmaz əmlak obyektlərinin (onların tərkib hissələrinin) texniki pasportu, planı və çertyojları;

  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

Qeyd edilməlidir ki, göstərilən siyahı standart xarakter daşıyır. Əmlakın əldə edilmə əsasından asılı olaraq təqdim ediləcək sənədlərin tərkibi dəyişə bilər. Məsələn, əmlak mənzil-tikinti kooperativindən (MTK) əldə edilirsə, əlavə olaraq maliyyə arayışı, kooperativ yığıncağının protokolundan çıxarış və digər sənədlər tələb oluna bilər.

Təcrübədə, bir qayda olaraq, yuxarıda göstərilən əsas sənədlərin təqdim edilməsi kifayət edir. “ASAN xidmət”də ərizə forması mövcuddur və dövlət rüsumu dərhal ödənilmir. Əvvəlcə ərizə və sənədlər təqdim olunur, daha sonra müraciət edən şəxsdən mobil telefon nömrəsi alınır və təxminən bir ay ərzində reyestrdən çıxarışın hazır olması barədə SMS bildiriş göndərilir. Bildirişdə göstərilən link vasitəsilə dövlət rüsumunu ödəmək mümkündür.

Ümumilikdə, daşınmaz əmlakın qeydiyyatı prosesi təxminən bir ay davam edir.

 

  1. Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər daşınmaz əmlak əldə bilərlər?

Qanunvericilik xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün mənzillərin alınması ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutmur. Onlar daşınmaz əmlak əldə etmək baxımından Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər.

Lakin sözügedən şəxslərin torpaq sahəsini əldə etməsinə məhdudidyyətlər mövcuddur.

Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, eləcə də xarici dövlətlər Azərbaycan Respublikasının ərazisində torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən hallarda xarici fiziki və hüquqi şəxslər torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər. Lakin belə hallarda həmin hüquq bir il müddətində özgəninkiləşdirilməlidir. Bu tələb Torpaq Məcəlləsinin 49.4-cü maddəsində təsbit olunmuşdur.

Həmin maddəyə əsasən, torpaq sahəsinə mülkiyyət hüququ xarici şəxslərə vərəsəlik, bağışlama və ya ipoteka müqaviləsi nəticəsində keçərsə, bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bir il ərzində mütləq qaydada özgəninkiləşdirilməlidir.

Əgər xarici şəxslər bu müddət ərzində torpaq sahəsini özgəninkiləşdirməzlərsə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin torpaq sahəsini Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada satın almağa borcludur.

 

  1. Daşınmaz əmlak üzrə vergi öhdəlikləri.

  1. Əmlakın alğı-satqısı zamanı tətbiq edilən vergilər.

Daşınmaz əmlakın alğı-satqısı zamanı vergitutma Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.3, 220.8 və 220.8.1-ci maddələri ilə tənzimlənir.

Fiziki şəxslər tərəfindən daşınmaz əmlak satıldıqda, hər kvadrat metr üçün 15 AZN məbləğində sadələşdirilmiş vergi tətbiq olunur. Bu məbləğ əmlakın yerləşdiyi zonaya uyğun müəyyən edilən əmsalla vurulur (məsələn, Bakı şəhərində bu əmsallar 1,2-dən 4-ə qədər dəyişir).

Əgər mənzil tikinti şirkətindən (yeni tikili) əldə olunursa, 18% əlavə dəyər vergisi (ƏDV) tətbiq oluna bilər. Əksər hallarda ƏDV satış qiymətinə daxil edilir, lakin bu məsələ müqavilədə ayrıca dəqiqləşdirilməlidir.

Toorpaq sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, torpaq sahəsinin əldə edilməsi və ya ötürülməsi üçün ayrıca xüsusi vergi nəzərdə tutulmur. Bununla belə, torpaq sahəsinin sahibi və ya istifadəçisi tərəfindən hər il torpaq vergisi ödənilməlidir.

Bundan əlavə, torpaq alğı-satqısı zamanı notariat və qeydiyyat rüsumları tətbiq oluna bilər ki, bunlar vergi deyil, lakin əməliyyat xərcləri hesab olunur.

Torpaq sahəsinin alınması zamanı vergi tutulmur. Lakin torpaq sahəsinin və ya digər daşınmaz əmlakın satışı zamanı sadələşdirilmiş vergi tətbiq edilir. Bu vergi hər kvadrat metr üçün 15 AZN olmaqla, yerləşmə zonasına uyğun əmsalla hesablanır.

  1. Daşınmaz əmlaka mülkiyyət hüququ əldə edildikdən sonra vergi öhdəlikləri.

Mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra əmlak sahibi hər il əmlak vergisi ödəməlidir. Bu vergi əmlakın yerləşdiyi ərazi və sahəsindən asılı olaraq hesablanır:

  • Bakı şəhərində — 0,4 AZN/m²

  • Gəncə, Sumqayıt və Abşeron rayonunda — 0,3 AZN/m²

  • Digər bölgələrdə — 0,2 AZN/m²

Eyni zamanda, yaşayış sahəsinin ilk 30 m² hissəsi vergidən azaddır.

 

  1. Nəticə.

Göründüyüz kimi, daşınmaz əmlakın əldə edilməsi həmçinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı müəyyən olunmuş hüquqi prosedurların ardıcıl şəkildə icrasını və səlahiyyətli dövlət orqanlarına müraciəti tələb edir.

Ironwood Consulting olaraq, daşınmaz əmlakın əldə edilməsi prosesinin bütün mərhələlərində müştərilərimizə kompleks hüquqi müşayiət göstərməyə, əməliyyatların hüquqi təhlükəsizliyini təmin etməyə və müvafiq hüquqi dəstəyi təqdim etməyə hazırıq.