Bizimlə əlaqə
Geri
2026-cı ildə qanunvericilikdə ilk yeniliklər

2026-cı ildə qanunvericilikdə ilk yeniliklər

Son bir ay ərzində bir sıra qanunvericilik aktlarına mühüm dəyişiklik və əlavələr edilmiş, eyni zamanda yeni qanun qəbul olunmuşdur. Dəyişikliklərin ən böyük hissəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş, yeni qəbul edilən normativ hüquqi akt isə “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun olmuşdur. Hazırkı məqalədə qanunvericilikdə qeyd olunan və digər yeniliklərdən bəhs ediləcəkdir.

 

  1. Əmək Məcəlləsinə edilən dəyişiklik və əlavələr.

İlkin olaraq qanunvericiliyə “Ezamiyyət”, “Məsafədən (distant) iş”, “Ailə vəziəfələri olan işçi”  anlayışları əlavə edilmişdir.

Qeyd olunmalıdır ki, əlavələrdən əvvəl ezamiyyətlə bağlı məsələlər qanunun ayrı-ayrı maddələri ilə tənzimlənsə də ezamiyyət anlayışının birbaşa qanunvericiliklə nəzərdə tutulmuş tərifi mövcud deyildi.

Bildiyimiz kimi koronavirus pandemiyası dövründə, dövrün şərtlərinə uyğun olaraq ölkədə işəgötürələnlər tərəfindən məsafədən iş təcrübəsi tətbiq edilməyə başladı. Koronavirus pandemiyasından 4 il sonra Azərbaycan COP 29-a ev sahibliyi etdi. Həmin tədbir çərçivəsində məsafədən işin aktuallığı bir daha gündəmə gəldi. Qeyd olunan hadisələrin fonunda məsafədən işin tətbiq edilməsi genişləndi və bu halın artıq qanunvericliklə tənzimlənməsinə zərurət yarandı.

Üçüncü anlayış isə BƏT-in “Ailə vəzifələri olan işçilər haqqında” Konvensiyasına uyğun olaraq qanuna inteqrasiya edilmişdir.

Anlayışlardan savayı məzuniyyət hüquqları və əməkhaqqının hesablanması ilə bağlı aşağıda göstərilən yeniliklər edilmişdir:

- 117-ci maddəyə işçinin məzuniyyət dövründə aldığı əməkhaqqının sonuncu əməkhaqqından az olmaması ilə bağlı norma əlavə edilmişdir.

- 120-ci maddə yeni redaksiyada verilərək 46 təqvim günü məzuniyyət hüququ olan xüsusi xidmətli işçilərin dairəsi yenilənmişdir.

- Gender bərabərliyinin təmin edilməsi məqsədilə 125-ci maddəyə kişilərə uşağın doğulması ilə əlaqədar 14 təqvim günü ödənişli məzuniyyət verilməsini nəzərdə tutan norma əlavə edilmişdir.

- 140-cı 177-ci maddələrə məzuniyyət üçün orta əmək haqqının hesablanması zamanı natamam işlənmiş ayların əvəzlənməsi mexanizmini tənzimləyən müddəalar əlavə edilmişdir.

- 177-ci maddədə orta gündəlik əməkhaqqının sonuncu gündəlik əməkhaqqından az olduğu hallarda daha yüksək məbləğin tətbiqi ilə bağlı dəyişiklik edilmişdir.

Həmçinin Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılması nəzərdə tutulmuşdur. Belə ki, komissiyanın yardılmasında icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və işəgötürən birlikləri birgə iştirak edir.

Dəyişikliklərin tam mətni ilə linkdən https://president.az/az/articles/view/71321 keçid edərək tanış ola bilərsiniz.

 

  1. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2026-cı il tarixli fərmanı ilə “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir.

Sözügüdən qanun 8 fəsil və 31 maddədən ibarət olmaqla nəqliyyat-ekspedisiya xidmətlərinin hüquqi əsaslarını müəyyən edir.

Qanunla nəqliyyat-ekspedisiya xidmətlərinin subyektlərinin hüquq və vəzifələri, habelə tərəflər arasında bağlanan müqaviləyə dair tələblər və müqavilədən irəli gələn mübahisələr (pretenziya və iddia müddəti) tənzimlənmişdir.

Qanunun tam mətni ilə linkdən https://president.az/az/articles/view/71310 keçid edərək tanış ola bilərsiniz.

 

  1. “Mediasiya haqqında” Qanuna dəyişikliklər.

Dəyişikliklər əsasən mediasiya xərclərini və mediasiya prosesini əhatə edir.

Belə ki, dəyişikliklərə əsasən tərəflərin hüquq və vəzifələrinə mediasiya xərcələrini ödəmək əlavə edilmişdir.

Həmçinin mediasiya prosesi, tərəflərin mediasiya prosesi barədə müqavilə bağlaması və ya ilkin sessiyada iştirakı ilə başlanır.  Tərəflər iştirak etməzsə və ya yazılı şəkildə imtina edərsə, proses avtomatik xitam verilir, mediator isə iştirak vəziyyətini sənədləşdirir.

Dəyişikliklərin tam mətni ilə linkdən https://e-qanun.az/framework/61186 keçid edərək tanış ola bilərsiniz.

 

  1. “Dövlət rüsumu haqqında” Qanuna əlavə.

Dəyişikliklərlə  qanuna 9.1.20-1-ci maddə əlavə edilmişdir.

Beləliklə,  məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər məhkəməyə müraciət edərkən artıq dövlət rüsumunun ödənilməsindən azaddılar.

Dəyişikliklə linkdən https://e-qanun.az/framework/61161 keçid edərək tanış ola bilərsiniz.