2026-2029-cu illərin rəqəmsal iqtisadiyyat strategiyası
Hazırda dünyada 4-cü sənaye inqilabı baş verməkdədir. Bu hadisənin dalğasında artıq bir çox ölkələr rəqəmsallaşma istiqamətində mühüm tədbirlər görür. İnqilab ölkəmizi də yan keçməyib və hazırda ölkəmizdə sürətlə hökümətin rəqəmsallaşması prosesi gedir. Həmin prosesin çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya ( bundan sonra Startegiya) təsdiqlənmişdir. Hazırkı məqaləmizdə həmin Strategiyanın prioritet istiqamətləri, hədəfləri və gözlənilən nəticələri barədə icmal veriləcəkdir.
- Strategiyanın ilkin müddəaları: Xülasə və Qlobal trendlər
Xülasədə ümumi məlumat verilmiş və Strategiyanın əsas hədəfləri göstərilmişdir.
Strategiyanın hədəfləri aşağıdakılardır:
- Rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi;
- İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və innovasiya əsaslı inkişafın təşviqi;
- Rəqəmsal bacarıqların gücləndirilməsi və rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının təmin edilməsi.
Qlobal trendləri təhlil etdikdə müəyyən olunmuşdur ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin əməkdaşlığına əsaslanmalıdır, startap və innovasiya ekosistemlərinin inkişafı, texnoloji infrastruktur və təhlükəsizlik önəmlidir, həmçinin maliyyələşmə və investisiya təşviqi gücləndirilməlidir.
Beləliklə Azərbaycan üçün prioritetlər təyin edilmişdir:
- Özəl sektorun liderliyi və dövlətin koordinasiyaedici rolu ilə rəqəmsal transformasiya;
- İnsan kapitalının inkişafı və yüksək ixtisaslı işçi qüvvənin artırılması;
- Startaplar, texnoparklar və innovasiya mərkəzlərinin dəstəklənməsi;
- Yüksəksürətli şəbəkələr, məlumat mərkəzləri və rəqəmsal platformaların inkişafı və təhlükəsizliyi;
- Dövlət–özəl tərəfdaşlığı və investisiya təşviqi mexanizmlərinin gücləndirilməsi.
- Mövcud vəziyyətin təhlili və strategiyanın prioritet istiqamətləri.
Mövcud vəziyyətin təhlili Strategiyada 4 istiqamət üzrə aparılmışdır (güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələr).
Nəticədə zəif tərəflər onu göstərir ki, ölkədə rəqəmsal savadlılıq, kadr çatışmazlığı həmçinin məlumat idarəçiliyi və DPI standartlaşdırması boşluqları mövcuddur.
Bununla bağlı Strategiyada aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir:
- iqtisadiyyatın rəqəmsal infrastrukturla təmini və müəssisələrin transformasiyası;
- startapların inkişafı və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi;
- investisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiya;
- rəqəmsal innovasiya ekosisteminin inkişafı və şəbəkələşmə;
- rəqəmsal bacarıqların əmək bazarının tələblərinə uyğunluğunun artırılması;
- təhsil, karyera və rəqəmsal savadlılıq imkanlarının genişləndirilməsi;
- strategiyanın effektiv icrasının təmini üçün monitorinq mexanizminin gücləndirilməsi;
- iqtisadi fəaliyyət sahələri üzrə data əsaslı qərarvermə potensialının artırılması;
- idarəetmədə rəqəmsal infrastruktur və texnoloji modellərin tətbiqi.
Yuxarıda sadalan bütün istiqamətlər müvafiq olaraq əsaslandırılmış həmçinin istiqamətlər üzrə görüləcək tədbirlər, gözlənilən nəticələr və nəticə indikatorları, gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri göstərilmişdir.
Prioritet istiqamətlər üzrə əsas təşəbbüslər:
- Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı – KOB və iri müəssisələrin rəqəmsallaşması, qrant və güzəştli kreditlərlə maliyyə dəstəyi; məhsuldarlıq və əlavə dəyərin artırılması.
- Yeni Nəsil Texnologiyalar Mərkəzi – Müasir texnologiyalarla biznes proseslərinin optimallaşdırılması, təlim və məsləhət xidmətləri; işçi məhsuldarlığında 15–30% artım hədəfi.
- Yeni bizneslərin yaradılması və gücləndirilməsi – Startap və yeni bizneslərin formalaşması, mentorluq və maliyyə dəstəyi; innovasiya fəallığının və xarici sərmayələrin artırılması.
- Rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi – İKT və rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların hazırlanması, sertifikasiya proqramları.
- Azərbaycan dili bazasında AI modeli – Dövlət və biznes sahələrində Azərbaycan dilində süni intellekt alətləri yaradılması; yeni xidmətlər və iş yerlərinin təşviqi.
- İqtisadi Məlumatların Analitikası Platforması – Data əsaslı qərarverməni gücləndirmək üçün vahid platforma, investisiya sahələrinin dəqiq müəyyənləşdirilməsi.
- “Rəqəmsal Əkiz” Təşəbbüsü - Planlaşdırma, monitorinq və idarəetmənin rəqəmsal əkiz texnologiyaları ilə təkmilləşdirilməsi; xərclərin azalması və səmərəliliyin artması.
- Rəqəmsal Həllər və Xidmətlər Platforması - Rəqəmsal məhsul və xidmətlərə çıxış üçün mərkəzləşdirilmiş platforma; innovasiya və rəqabətin artırılması, dövlət xərclərinin azaldılması.
- Nəticə
Strategiyanın əsas təşəbbüsləri Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasını sürətləndirməyə, innovasiya və startap ekosistemini gücləndirməyə, yüksək ixtisaslı kadr hazırlığını təmin etməyə və data əsaslı qərarverməni optimallaşdırmağa yönəlib. Bu tədbirlər nəticəsində məhsuldarlığın artırılması, rəqəmsal xidmətlərin inkişafı, yeni biznes və iş yerlərinin yaradılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.
Sərəncamın tam mətni ilə linkdən https://president.az/az/articles/view/70750 keçid edərək tanış ola bilərsiniz.