
2025-ci il İyul-Avqust ayı ərzində baş vermiş hüquqi yeniliklər
Hazırkı məqalədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin dövlət-özəl tərəfdaşlıq layihələri barədə Sərəncamının həmçinin mülkiyyət hüququ sahəsində mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli Fərmanının və hüquq sahəsində baş verən digər yeniliklərin qısa icmalı veriləcəkdir.
1. Dövlət-özəl tərəfdaşlığı 2026-cı il üçün layihələrinin təsdiqlənməsi.
Dövlət-özəl tərəfdaşlığı sadə dillə ifadə etsək dövlətlə özəl sektorun müqavilə əsasında birgə fəaliyyətidir. Burada məqsəd dövlət xidmətlərinin göstərilməsi və bununla bağlı infrastrukturun yaradılması və idarə edilməsidir.
Qeyd olunan fəaliyyət Azərbaycan Respublikasının “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla tənzimlənir.
Hazırda isə Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiqlənib. Həmin siyahıya aşağıdakı layihələr aiddir:
· Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi
· Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi
· Heyvan cəsədlərinin və bioloji tullantılarının utilizasiya mərkəzlərinin inşası layihəsi
· Hövsan aerasiya(ÇŞTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması layihəsi
· Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması layihəsi
· Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması layihəsi
2. 16 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin siyahısı (Siyahı) verilmişdir.
Lakin, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli Fərmanı (Fərman) ilə həmin siyahı genişləndirilmişdir.
Beləliklə, həmin Fərmana əsasən aşağıda göstərilən sənədlər mülkiyyət hüququnu müəyyən edən sənədlər siyahısına əlavə edilmişdir:
· dövlət və ya ictimai mənzil fonduna aid mənzillərin xüsusi mülkiyyətə verilməsi barədə yerli icra hakimiyyəti, dövlət qurumları, təşkilatlar və kooperativlər ilə bağlanan, notariat qaydasında təsdiqlənmiş müqavilələr. Qeyd olunmalıdır ki, əvvəllər hüquq müəyyən edici sənəd kimi yalnız kirayə müqavilələri nəzərdə tutulurdu.
· Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş:
Torpağa mülkiyyət, sahiblik, istifadə hüquqları üzrə dövlət aktları.
Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr.
· 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evləri və (və ya) onların yerləşdiyi torpaq sahələri, eləcə də ev tikintisi üçün ayrılmış torpaq sahələri barədə:
Təsərrüfatbaşına kitabından çıxarış və ya həmin çıxarış əsasında verilmiş arayış.
· 2001-ci il yanvarın 1-dək tərtib olunmuş:
Texniki inventarlaşdırma orqanlarının verdiyi texniki pasportlar (torpaq ölçüsü göstərilibsə).
· 2001-ci il yanvarın 1-dək qəbul edilmiş:
Yerli icra hakimiyyəti nümayəndələrinin yaşayış evi tikintisi məqsədilə həyətyanı torpaq sahəsi ayırması barədə qərarlar.
· 2001-ci il yanvarın 1-dək:
Yaşayış evi tipli mənzillərin sökülüb yerində fərdi yaşayış evi tikilməsi barədə yerli icra hakimiyyəti qərarı.Bu fərdi evin yerli icra hakimiyyəti ilə razılaşdırılmış layihəsi (torpaq ölçüsü göstərilibsə; göstərilməyibsə, evin altındakı torpaq nəzərə alınır)
· sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış
· yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış
Lakin yuxarıda qeyd olunan sənədlər üçün əsas şərt ondan ibarətdir ki, həmin sənədlərin Milli Arxiv Fondunda olmasıdır. Yəni həmin sənədlər Milli Arxiv Fondunda olmadıqda mülkiyyət hüququnun əldə edilməsi mümkün olmayacaqdır.
Fərmanın tam mətni ilə linkdən keçid edərək tanış ola bilərsiniz.
3. “Arbitraj haqqında qanunun” icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra Qərarlarına edilən dəyişikliklər.
“İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin II hissəsinin 1-ci bəndində “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” və həmin bəndə “xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilmişdir
“Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin preambulasında “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri və həmin preambulaya “xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilmişdir.
“Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda arbitrajla bağlı ərizə və müraciətlərin əhatə dairəsi genişləndirilir. Belə ki, ərizələrə arbitraj məhkəmələrinin qərarlarının tanınması, icrası və ləğv edilməsi, həmçinin yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı müraciətlər əlavə edilir.
Beləliklə, həmin dəyişiklik nəticəsində arbitraj məhkəmələrinin milli hüquq sisteminə inteqrasiyasının həyata keçirilməsi istiqamətində addımlar atılmışdır.
Qərarın tam mətni ilə bu linkdən keçid edərək tanış ola bilərsiniz.
4. “Xüsusi icra məmurları məmurları haqqında” Qanunun qəbul edilməsi.
14 iyul 2025-ci il tarixdə “Xüsusi icra məmurları məmurları haqqında” Qanun (Qanun) qəbul edilmişdir. Həmin Qanunun 1.1-ci bəndinə əsasən xüsusi icra məmuru məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxsdir.
Qanunla xüsusi icra məmuru icra hərəkətlərini Azərbaycan Respublikasının bütün ərazisində apara bilər.
Lakin Qanunla icra məmurlarının icraatına daxil olan işlər barədə məhdudiyyət qoyulmuşdur. Belə ki, Qanunun 19.1-ci maddəsinə əsasən aşağıda göstərilənlər istisna olmaqla, xüsusi icra məmurları bütün icra sənədlərinin icrasını həyata keçirə bilərlər:
- məhkəmənin cinayət işləri üzrə hökmləri və digər yekun qərarları;
- inzibati xəta haqqında iş üzrə qərarlar;
- məhkəmənin inzibati mübahisələr üzrə qərarları;
- mülki işlər və kommersiya mübahisələri üzrə dövlət orqanlarının, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf olduqları məhkəmə qərarları;
- yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülmə, yaşayış və ya qeyri-yaşayış sahəsindən (torpaq sahəsindən) çıxarılma barədə qərarlar (çıxarılmanın tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəldiyi hallar istisna olmaqla);
- inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı qərarları (bələdiyyələr istisna olmaqla);
- məişət zorakılığı ilə bağlı verilən mühafizə orderləri;
- uşaqla ünsiyyət və uşağın qaytarılması tələbinə dair qərarlar;
- məcburi müalicəyə dair xüsusi icraat qaydasında Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qəbul edilmiş qərarlar.
Xüsusi icra məmurlarının vəzifəyə qəbulu müsabiqə əsasında həyata keçirilir.
Qanunla həmçinin xüsusi icra məmurları köməkçilərinin (Köməkçi) də statusu müəyyən edilmişdir. Xüsusi icra məmurlarına vəzifə qəbulu zamanı aid olan tələblər köməkçilərə də şamil olunur.
Qeyd olunmalıdır ki, xüsusi icra məmurlarının fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatası həyata keçirir.
Bundan başqa, Qanunla xüsusi icra məmurlarının reyestrinin aparılması , şəhadətnamənin verilməsi, icra sənədlərinin xüsusi icra məmurunun icraatına yönəldilməsi qaydası, xüsusi icra məmurlarının fəaliyyətinə xitam verilməsi halları həmçinin xüsusi icra məmurlarının və dövlətin hüquq vəzifələri müəyyən edilmiş və tənzimlənmişdir.
Qanunun tam mətni ilə bu linkdən keçid edərək tanış ola bilərsiniz.